DÜNYA
Hindistanda qəzaya uğrayan “Boeing 737” təyyarəsinin qara qutuları tapılıb
Bakı, 8 avqust, AZƏRTAC
Hindistanın Kerala ştatımda qəzaya uğrayan “Boeing 737” təyyarəsinin qara qutuları aşkarlanıb.
AZƏRTAC “Hindustan Times” qəzetinə istinadla xəbər verir ki, uçuş məlumatlarını rəqəmsal qeydə alan qurğu və pilot kabinəsinin diktofonu təyyarənin qalıqları arasından tapılıb və təhqiqatda istifadə olunmaq üçün Dehli şəhərinə aparılıb.
Bir qədər əvvəl Hindistanın Mülki Aviasiya naziri Hardip Sinqh Puri hadisə ilə bağlı təhqiqatın qurumun nəzdində fəaliyyət göstərən Aviasiya Qəzalarının Təhqiqat Bürosu tərəfindən aparılacağını deyib.
Avqustun 7-də Dubay şəhərindən havaya qalxan “Air India Express” aviakompaniyasına məxsus “Boeing 737” təyyarəsi Hindistanın Kerala Ştatında yerləşən Kojikode şəhərinin hava limanına sərt eniş edib. Son məlumata görə, insident zamanı koronavirus pandemiyası səbəbindən vətənlərinə qayıdan sərnişinlər də daxil olmaqla, təyyarənin göyərtəsindəki 190 nəfərdən 20-si, o cümlədən iki pilot həlak olub. Həmçinin 140 nəfər müxtəlif bədən xəsarətləri alıb, onlardan 15-nin zədəsi ciddidir.
Mülki Aviasiya nazirinin sözlərinə görə, “Boeing 737” yağışlı hava şəraitində eniş edərkən uçuş-eniş zolağından çıxıb və iki yerə bölünüb.