DÜNYA
Hindistanda son 5 gün ərzində COVID-19 infeksiyasına 100 min yoluxma faktı qeydə alınıb
Pekin, 2 iyul, AZƏRTAC
Hindistanda ötən gün ərzində COVID-19 infeksiyasına 19 min 148 yoluxma və 434 ölüm faktı qeydə alınıb.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma sayı 604 min 641 nəfərə, ölüm sayı isə 17 min 834-ə çatıb. Son 5 gün ərzində ölkədə təxminən 100 min yoluxma baş verib. Son iki həftə ərzində isə gündəlik ölüm sayı 400-dən yuxarı olub.
Artıq bir neçə ştatda xüsusi karantin rejimi iyulun 31-dək uzadılıb. Bəzi ştatlarda isə komendant saatı tətbiq olunur.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ, Braziliya və Rusiyanın ardından 4-cü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin