DÜNYA
Hindistanın 2 ştatında 10 COVID-19 xəstəsi oksigen çatışmazlığı səbəbindən xəstəxanada ölüb
Pekin, 5 may, AZƏRTAC
Hindistanda COVID-19 infeksiyasına yoluxmaların, paralel olaraq ağır xəstələrin sayının sürətlə çoxalması fonunda xəstəxanalarda oksigen ehtiyatı çatışmazlığı səbəbdən ölüm halları davam edir.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, ötən sutka Karnataka və Uttaraxand ştatlarının hər birində 5 pasiyent bu səbəbdən ölüb. Bildirilir ki, Karnataka ştatında oxşar hadisə mayın 3-də də baş verib. Çamaracanaqar rayonundakı xəstəxananın reanimasiya şöbəsində oksigen çatışmazlığına görə 25 xəstə ölüb.
Qeyd edək ki, pandemiyanın 2-ci və daha ağır dalğasının yaşandığı Hindistanda ötən sutka 382 min yoluxma, virus səbəbindən 3780 ölüm qeydə alınıb. Bu rəqəm pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olmaqla yanaşı, ötən sutka dünya üzrə də ən böyük ölüm göstəricisi olub. Hindistanın Federal Səhiyyə Nazirliyinin məlumatına əsasən, indiyədək Hindistanda COVID-19 infeksiyasına 20 milyon 665 mindən çox yoluxma, 226 min 188 ölüm qeydə alınıb. Hazırda ölkədə 3 milyon 487 min aktiv xəstə var.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin