DÜNYA
Hindistanın Qucarat ştatında daşqınlar 47 nəfərin həyatına son qoyub VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Hindistanın qərbində yerləşən Qucarat ştatında son 24 saat ərzində musson yağışları və daşqınlar nəticəsində azı 3 nəfər ölüb, bununla da regionda təbii fəlakət qurbanlarının sayı 47 nəfərə çatıb.
AZƏRTAC “Times of India” qəzetinə istinadla xəbər verir ki, iyulun 7-dən etibarən Qucarat ştatına yağan leysanlar illik yağıntı miqdarının 51 faizini təşkil edib. Tapi və Navari daşqınlardan ən çox zərər çəkən rayonlardır.
Hakimiyyət orqanları indiyədək 39 mindən çox insanı daşqın zonasından təxliyə edərək müvəqqəti düşərgələrə yerləşdirib. Əhmədabad-Mumbay avtomobil yolunun bir hissəsi su altında qalıb.
Hindistanın şimal-şərqində yerləşən Assam ştatında isə daşqınlar həftə ərzində 179 nəfərin həyatına son qoyub. Burada təxminən 1,8 milyon insan təbii fəlakətdən zərər çəkib. Ştatın 23 rayonunda 1,6 mindən çox yaşayış məntəqəsi daşqın zonasında qalıb, 47 min hektardan çox əkin sahəsini su basıb, 138 min ev tamamilə və ya qismən zərər görüb, 278 min nəfər təxliyə olunub. Bəndin dağılması nəticəsində Silçar şəhəri su altında qalıb. Daşqınlar şəhər iqtisadiyyatına 10 milyard rupidən çox (1,2 milyard dollar) zərər vurub.
Hakimiyyət orqanları təbii fəlakətdən zərər çəkən əhaliyə yardım üçün hərbçiləri və ordunun mühəndis texnikasını cəlb edib.