SİYASƏT
Hindistanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Bakı, 7 mart, AZƏRTAC
Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın Azərbaycanda yeni təyin olunan səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.
XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndiriblər, eyni zamanda, əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd ediblər. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verən nazir Elmar Məmmədyarov Hindistan şirkətlərini sözügedən layihələrdən yararlanmağa dəvət edib.
Eyni zamanda, tərəflər Azərbaycan və Hindistan arasında birbaşa hava əlaqəsinin yaradılmasının insanlararası təmasların daha da artmasına təkan verəcəyinə əminliklərini ifadə ediblər və bu xüsusda, qarşılıqlı turizm sərgilərinin keçirilməsinin zəruriliyi qeyd edilib.
Söhbət zamanı beynəlxalq təşkilatlar, eləcə də Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Səfir Bavitlunq Vanlalvavna etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Nazir Elmar Məmmədyarov Hindistanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.