REGİONLAR


Hindistanlı təlimçilər Lahıcda azərbaycanlı qadınlara və gənclərə biznesin inkişafı üzrə təlim keçiblər

Bakı, 18 sentyabr, AZƏRTAC

Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana Kənd Təsərrüfatı Nazirliyinin Kənd İnvestisiya Layihəsi tərəfindən təşkil olunan, Hindistanın Kerala ştatının Kudumbashree təşkilatından olan təlimçilərin dəstəyi ilə keçirilən biznesin inkişafı və idarə edilməsi təlimində iştirak edən gənclər və qadınlarla görüşmək üçün İsmayıllı rayonunun Lahıc qəsəbəsinə səfər edib.

Hindistanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Sanjay Rana Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyevlə birlikdə layihənin mütəxəssisləri ilə görüşüb.

Beş pilot rayondan olan Qadın İnkişaf Qruplarının və Gənclər İcma Biznes Təbliğatçılarının üzvləri üçün Azərbaycan Kənd İnvestisiya Layihəsi təlim kursu 2018-ci il sentyabrın 6-dan 17-dək keçirilib. Proqram çərçivəsində gənclərə və qadınlara Kudumbashree layihəsinin təlimçiləri tərəfindən biznesi idarə etmənin uğurlu yolları, biznes planlarının tərtib olunması, layihə hesabatlarının hazırlanması, banklardan zəruri maliyyənin alınması, məhsulların və xidmətlərin marketinqi üçün tələb olunan bacarıqlarla bağlı təlim keçirilib.

Qeyd edək ki, bu təlim Azərbaycan Kənd İnvestisiya Layihəsinin Qadınların İqtisadi Səlahiyyətlərinin artırılması proqramının tərkib hissəsidir. Proqram çərçivəsində 88 qadından ibarət Qadın İnkişaf Qrupları beş rayonda – Masallı, Lənkəran, İsmayıllı, Balakən və Ağdamda təlimdə iştirak edirlər. Bu model Dünya Bankının dəstəyi ilə 2018-ci ilin martında Hindistana təşkil olunan səfərdən sonra təqdim olunub.

Təlim iştirakçıları ilə görüşdə çıxış edən səfir qadınların səlahiyyətlərinin artırılması sahəsində Hindistan və Azərbaycan arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Diplomat qeyd edib ki, bu cür təlim proqramları qadın sahibkarların bilik və bacarıqlarının artırılması üçün çox faydalıdır. Onun sözlərinə görə, Kudumbashree layihəsinin təlimçiləri Hindistanda uğur qazanıblar və onların təcrübəsi Azərbaycanda Qadınların İqtisadi Səlahiyyətlərinin artırılmasına töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.