CƏMİYYƏT
Hippokrat andına da, Vətənə sədaqət andına da sadiq qalan hərbi həkim
Bakı, 25 oktyabr, AZƏRTAC
Tibb xidməti kapitanı Anar Məmmədov müharibənin ilk günündən ön cəbhəyə yollanıb. Həm döyüşüb, həm də yaralılara ilkin tibbi yardım göstərib. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçiləri döyüş meydanından çıxarıb, onlara ilkin tibbi yardım göstərib. Döyüş meydanlarından çıxardığı, xilas etdiyi hərbi qulluqçuların demək olar ki, hamısı həyata qayıdıb. Lakin özü noyabrın 3-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı şəhadətə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. İkinci Fəxri xiyabanda dəfn olunub.
AZƏRTAC xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan tibb xidməti kapitanı Məmmədov Anar Kərəm oğlu 1984-cü il iyulun 6-da Bakıda anadan olub. 2003-cü ildə Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. 2007-ci ildən hərbi tibb fakültəsinə sənədlərini təqdim edib və təhsilini davam etdirib. Hərbi həkim olduğu ucun Füzulidə təyinatı üzrə dörd il çalışıb. Daha sonra Cəlilabad, Lənkəran, Qusar, Ağcabədi rayonlarında hərbi həkim kimi xidmət edib. Xidməti dövründə, həmçinin Əfqanıstanda sülhməramlı kimi iştirak edib. 2019-cu ildə Bakıda xidmətə başlayıb.
Bacısı Gülnaz Məmmədova qardaşı ilə son görüşü və müharibə dövründə telefon əlaqələrini belə xatırlayır: “Ötən il sentyabrın 26-da gecə 1 saatlığa gəlib bizimlə görüşdü. Poliqona gedirik deyib getdi. Səhəri gün xəbərlərdən eşitdik ki, müharibə başlayıb. Narahat olmağa başladıq. İki-üç gündən sonra özü zəng edib: “narahat olmayın, biz uzaqdayıq” dedi. Bizimlə danışanda səssiz yerdə danışırdı, istəmirdi silah səsini eşidək. Cəbrayıl alınandan sonra zəng elədi. Dedi ki, Cəbrayılı aldıq. Narahat olmayın, hər şey yaxşıdır. Müharibənin bitməsinə az qalıb. Ordumuz düşmənləri diz çökdürüb. Həmişə şən əhval-ruhiyyə ilə danışırdı, bizə heç nə hiss etdirmirdi. Şəhid olmasına 2-3 gün qalmış danışdıq. Onda səsindən yorğun olduğu bilinirdi. Sonradan bizə dedilər ki, həmin vaxt onlar pusquya düşüblər, amma çıxmağı bacarıblar. Noyabrın 3-də Xocavənd rayonunda yenidən düşmən mühasirəsinə düşüblər. Anar üzərindəki xidməti silahı ilə döyüşüb. Təəssüf ki, qardaşım bu döyüşdə şəhid olub. Onun döyüş yoldaşları, savaş meydanından çıxardığı hərbi qulluqçular haqqında o qədər xoş danışırlar, göstərdiyi qəhrəmanlıqlardan o qədər bəhs edirlər ki, qardaşımla fəxr edir, bir şəhid bacısı kimi qürur duyuram. Yaralı hərbçilərə göstərdiyi qulluq, onlara təsəlli verməsi, sağalması üçün əlindən gələni etməsi, ağır və çətin şəraitdə xidmət göstərməsi, təhlükələrə baxmayaraq, yaralıların təxliyə və ilkin tibbi yardımına tələsməsi... Onun yardım etdiyi hərbçilərin demək olar ki, hamısı həyatdadır. Çox sevinirəm ki, qardaşım öz şəfalı əlləri ilə neçə ananın gözüyaşlı qalmasının qarşısını ala bilib. Amma özü bizə qürur qarışıq göz yaşı qoyub getdi”.
Şəhidin bacısı “YAŞAT” Fondunun məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onlara kömək etdiyini, digər dövlət və qeyri-dövlət orqanlarının da maddi və mənəvi dəstəyini əsirgəmədiyini bildirib.