REGİONLAR
Hirkan Milli Parkında fototələlər daha iki bəbiri lentə alıb VİDEO
Lənkəran, 4 dekabr, İsmayıl Cəfərli, AZƏRTAC
Hirkan Milli Parkında quraşdırılan 20-dən çox fototələ bu dəfə maraqlı görüntülər lentə alıb. Video və foto görüntülərə bəbirlərlə yanaşı, digər heyvanlar da düşüb.
AZƏRTAC xəbər verir ki, Milli Parkda 2015-ci ilədək bəbirlərin sayında azalma olsa da, onların populyasiyasının artması məqsədilə son 4 il ərzində görülən işlər sayəsində uğurlu nəticələr müşahidə olunur. Parkın direktoru Azər Mirzəyev bildirib ki, son monitorinq zamanı fototələlər iki bəbirin görüntüsünü lentə ala bilib: “Noyabr ayının monitorinqi zamanı fototələlərin köməkliyi ilə iki bəbirin daha yaxın ərazidə olduğunu müəyyən etdik. Ümumilikdə meşəmizdə bəbirlərin sayı 6-dır. İşçilərimizin apardığı müşahidələr nəticəsində gələcəkdə daha çox bəbirin görüntüsünü ictimaiyyətə təqdim edəcəyik”.
40 350 hektarlıq ərazini əhatə edən Hirkan Milli Parkında bəbirlərə əvvəllər çox az rast gəlinirdi. Lakin son illər gətirilən yeni avadanlıqlar bu çətinlikləri artıq tamamilə aradan qaldırıb. Keçid yollar üzərində ağaclara bərkidilmiş fototələnin köməyi ilə meşəlik ərazidə bəbirlərə, eyni zamanda digər heyvanlara da rast gəlinir. Milli Parkın sahə müfəttişi Sahil Mikayılov isə deyir ki, fototələlərin quraşdırılması bir qədər riskli və çətin olsa da, əldə olunan nəticələr ürək açandır:” Bu fototələləri adətən sıx meşələrdə yırtıcı heyvanların keçici yollarında quraşdırırıq ki, heyvanların nə qədər olduğunu öyrənə bilək. Yeni qurğuların işlək vəziyyəti belədir ki, 3 saniyədə foto çəkirlər, 6-10 saniyə isə video çəkirlər. Daha sonra bu fototələlərlə meşənin dərinliklərində hansı heyvanın keçməsini maddi sübut kimi əldə edirik. Son müşahidələrdə bəbirlərlə yanaşı çöl donuzlarının da fototələlərə düşməsini müşahidə etdik. Canavar, qonur ayı və digər xırda heyvanlar, çaqqal, porsuq, oxlu kirpilər, hətta xırda heyvanları da fototələlər lentə alıb”.
Milli parkda ağaclar üzərinə quraşdırılan kameralar çox həssasdır. Heyvanlar onun qarşısından keçərkən işə düşür. Hirkan Milli Parkının direktoru Azər Mirzəyev bildirir ki, fototələlərin yaddaşları yoxlandıqda bəbirlərin yem bazasının da xeyli artdığı məlum olub: “Fototələləri kəndlərə daha yaxın ərazilərdə quraşdırmışıq. Bu cihazların yaddaşında çoxlu qaban sürüləri, cüyür sürüləri, oxlu kirpilərin düşməsi onu göstərir ki, bizim bəbirlərin yem bazasında heç bir çətinlik yoxdur. Parkda düzgün mühafizə nəticəsində bu bəbirlər özünü rahat hiss edirlər. Biz bu fototələlər vasitəsilə mütəmadi bəbirləri izləyə bilirik”.
Hirkan meşələrində bəbirlərin sayının daha çox olduğu istisna edilmir. Bu məqsədlə gələcəkdə Hirkan Milli Parkında fototələlərin sayının 40-a çatdırılması nəzərdə tutulub.