Hirkan meşələri relikt və endem növlərinin müxtəlifliyi ilə fərqlənir
AzerTAg.az
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanın yaşıl xəzinəsi sayılan Hirkan meşələri özünün biomüxtəlifliyi, flora və faunasının rəngarəngliyi, həmçinin relikt və endem növlərinin müxtəlifliyi ilə digər floristik ərazilərdən kəskin surətdə fərqlənir.
Bu ərazilər üçüncü dövrə məxsus müxtəlif növlərlə zəngindir. Hirkan meşələrində dəmirağacı, azat, şabalıdyarpaq palıd, Lənkəran akasiyası və digər relikt və endem növlər mühüm yer tutur. Bunu AZƏRTAC-a Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov bildirib.
O qeyd edib ki, relikt ağaclar keçmişdə geniş ərazilərdə yayılmasına baxmayaraq, qlobal iqlim dəyişiklikləri nəticəsində müxtəlif problemlərlə üzləşib və hazırda yalnız təcrid olunmuş ərazilərdə özünə sığınacaq tapıb. Keçmiş geoloji eranın milyon illərinin canlı şahidləri olmuş relikt bitki növləri özünəməxsus ekosistemin əsasını formalaşdıraraq regionun biomüxtəlifliyi üçün yüksək əhəmiyyətə malikdir. “Əgər ərazinin florasına nəzər salsaq, burada coğrafi baxımdan müxtəlif tip arealların flora elementlərinin olduğunu da görürük. Bu ərazilərdə Boreal və Aralıq dənizi mənşəli bitki qruplarının elementləri xüsusi əhəmiyyətə malikdir”, - deyib.
R.Abbasovun sözlərinə görə, son illər Hirkan Milli Parkında aparılan elmi tədqiqatlar zamanı 1200-dən artıq ali bitki növü aşkar edilib ki, bu da ölkə ərazisində məlum olan ali bitkilərin 30 faizini təşkil edir.



Xəbərin mətnində orfoqrafik səhv var