ELM VƏ TƏHSİL


Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

Bakı, 21 may, AZƏRTAC

Mayın 21-də Bakıda “SAP-Hyrcanian–Sosial ehtiyaclara və ətraf mühit amillərinin dəyişilməsinə qarşı Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq seminar keçirilib.

Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağı (MNB), Almaniyanın Frayburq Universiteti, İranın İlam və Gilan universitetləri tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, İran, Almaniya, Hollandiya, Gürcüstan və digər ölkələrdən olan alim və mütəxəssislərin qatıldıqları tədbirdə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Zeynal Əkpərov layihə barədə fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, əsas məqsəd Hirkan meşələrinin sosial və ekoloji baxımdan adaptasiya potensialının gücləndirilməsi, bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması, biomüxtəlifliyin qorunmasında innovativ botaniki tədqiqatların rolunun müəyyənləşdirilməsi və müasir metodlardan istifadə etməklə yeni strategiyaların hazırlanmasıdır.

AMEA Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev son illərdə rəhbərlik etdiyi qurumda Hirkan meşələrinin öyrənilməsi ilə bağlı geniş elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, müvafiq istiqamətdə MNB-nin alimləri dünyanın bir sıra ölkələrində təcrübə keçərək müəyyən bilik və təcrübə əldə ediblər.

V.Fərzəliyev dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin Hirkan meşələrinə tətbiqinin uğurlu nəticələr verəcəyinə əminliyi diqqətə çatdırıb.

AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə Hirkan meşələrindəki relikt və endemik bitki növlərinin mühafizəsinin, burada müasir idarəetmə üsullarının tətbiqinin və biomüxtəlifliyin qorunmasında müasir yanaşmaların öyrənilməsinin zəruriliyini vurğulayıb.

Botanika İnstitutunun fəaliyyəti, elmi istiqamətləri, beynəlxalq əlaqələri və burada aparılan tədqiqatlar barədə məlumat verən akademik V.Əlizadə qeyd edib ki, ölkədə bitkilər aləmini öyrənən elmi mərkəz kimi tanınan bu müəssisə tərəfindən floranın növ tərkibi müəyyənləşdirilib, Azərbaycan və Qafqaz florası, eyni zamanda, çoxlu növ və cinsin yeni yayılma əraziləri müəyyənləşdirilib.

Beynəlxalq seminarda “Hirkan meşələrinin dayanıqlı idarə olunması”, “İqlim dəyişkənliyinin Hirkan meşələrinin ekosisteminə və milli dayanıqlıq strategiyasına təsiri” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.