DÜNYA
Hissein Brahim Taha və Rəcəb Tayyib Ərdoğan İƏT-in fəaliyyətinin gücləndirilməsi məsələlərini müzakirə ediblər
Qahirə, 28 noyabr, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Tahanın İstanbulda keçirilən İƏT-in İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) iclası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə qlobal çağırışlar fonunda təşkilatın fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib.
İƏT-dən AZƏRTAC-a daxil olmuş məlumatda qeyd edilib ki, Türkiyə Prezidenti təşkilatın iqtisadi və ticari əməkdaşlıq sahəsində fəaliyyət göstərən qurumlarının səylərini yüksək qiymətləndirib. Üzv dövlətlər arasında ticarət mübadiləsini daha da inkişaf etdirmək üçün mühüm rol oynayacaq Ticarət Preferensial Sisteminin (TPS-OIC) fəaliyyətə başlamasını alqışlayıb. Görüşdə, həmçinin Fələstin problemi, Kipr türkləri, rohincalar, uyğurlar, Kəşmirlə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Rəcəb Tayyib Ərdoğan təşkilatın, onun orqan və institutlarının potensialının və rolunun artırılması üçün İƏT-ə üzv dövlətlərin davamlı səylərinin zəruriliyini vurğulayıb.
İslam ölkələrində mövcud problemlərin həlli ilə bağlı fikirlərini çatdıran İƏT-in Baş katibi təşkilata üzv dövlətlərin sosial-iqtisadi inkişafı da daxil olmaqla, müxtəlif sahələrdə daha geniş əməkdaşlığın təşviqinə yönəlmiş proqram və fəaliyyətlər haqqında məlumat verib. O, COMCEC-də uğurlu sədrliyə, xüsusən də bir sıra iqtisadi və kommersiya fəaliyyətlərinin nəzərdən keçirildiyi və reallaşdırıldığı sessiyanın təşkilində səylərinə görə Türkiyə Prezidentinə təşəkkürünü bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə