DÜNYA
“Hitachi” şirkəti kiber-hücum nəticəsində daha çox zərər çəkib
Tokio, 16 may, AZƏRTAC
Yaponiyanın elektron məhsullar istehsalı sahəsində tanınan “Hitachi” şirkəti bu yaxınlarda məruz qaldığı kiber-hücum nəticəsində ilkin olaraq güman olunduğundan daha çox zərər çəkib.
Şirkətin nümayəndəsinin sözlərinə görə, əməkdaşlar elektron poçt vasitəsilə məlumat mübadiləsi apara bilmirlər. Bununla yanaşı, kompüterlərin ekranlarında daim alış tələbi ilə bağlı məlumatlar açılır, əlavələri isə açmaq mümkün deyil.
Həmçinin aparılan araşdırma nəticəsində məlum olub ki, kiber-hücum nəticəsində pərakəndə satış üzrə sifarişlərin qəbulu sisteminə də zərər dəyib.
ABŞ-ın informasiya texnologiyaları sahəsində tanınan “Microsoft” şirkətindən bildiriblər ki, genişmiqyaslı kiber-hücumun arxasında dayanan hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyindən oğurlanan texnologiyalardan istifadə ediblər. Bununla əlaqədar hökumətin siyasətində dəyişikliklərin aparılmasına çağırış da səslənib.
Həmin virus proqramı “Windows” əməliyyat sisteminin bəzi çatışmazlıqlarından istifadə edir.
“Microsoft” şirkəti bəyan edib ki, dövlət agentliyinin iş üslubu özəl sektora böyük itkilərin dəyməsinə səbəb olub. Həmin kiber-hücum kamil olmayan proqram təminatı nəticəsində informasiyaların qorunması problemlərinin mövcudluğunu bir daha təsdiq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio