REGİONLAR
Hökməli qəsəbəsində narkotik satışı ilə məşğul olan 5 nəfər saxlanılıb VİDEO
Xırdalan, 19 yanvar, AZƏRTAC
Polis əməkdaşlarının Abşeron rayonu narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı keçirdiyi əməliyyatda 5 nəfər saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində keçirdikləri əməliyyat zamanı həmin qəsəbədə yaşayan Cəmaləddin Alxasov, Aydın Eyvazov, Samir Mustafayev, Eldar Nəbiyev və Fərrux Əsgərov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman hazır bükümlərdə satış üçün qablaşdırılan heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.
Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.