CƏMİYYƏT
Hökməli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
Bakı, 18 mart, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun üzərinə baxış keçirilən zaman marixuana aşkarlanıb. Həmin şəxs ifadəsində narkotik vasitəni Hökməli qəsəbəsində yaşayan Mehman adlı şəxsdən aldığını bildirib.
Əməliyyat tədbirinin davamı olaraq qəsəbədə narkotiklərin satışı ilə məşğul olan şəxs - əvvəllər məhkum olunmuş Mehman Səfərov da tutularaq polis bölməsinə gətirilib. Onun üzərinə və yaşadığı evə baxış zamanı külli miqdarda narkotik vasitə - satış üçün qablaşdırılan marixuana aşkar edilib. Mehman Səfərov ifadəsində bir müddət Hökməli qəsəbəsində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Qobu polis bölməsi əməkdaşlarının Hökməlidə həyata keçirdikləri digər tədbir zamanı qəsəbə ərazisində narkotiklərin satışı ilə məşğul olan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Mədətov saxlanılıb. Onun üzərinə baxış zamanı külli miqdarda metamfetamin aşkar olunub.
Şahin Mədətovun narkotik maddələrin satışını Hökməli qəsəbəsində yerləşən qəbiristanlığın ərazisində həyata keçirdiyi müəyyənləşdirilib.
Faktlarla bağlı Qobu polis bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Narkotiklərin satışını təşkil edən Mehman Səfərov və Şahin Mədətov barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.