CƏMİYYƏT


Hökməli və Aşağı Güzdək qəsəbələrində çətənə kolları yetişdirən şəxslər tutulublar VİDEO

Bakı, 5 avqust, AZƏRTAC

Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkarlanaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis bölməsinə əvvəllər məhkum olunmuş Əli Kiçikbəyovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana baxış keçiriblər. Baxış zamanı Əli Kiçikbəyovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi 11 çətənə bitkisi aşkar edilib. Əməliyyat tədbirlərinin davamında onda əlavə olaraq marixuana, çətənə toxumları, 5 büküm heroin, 2 büküm metamfetamin və elektron tərəzi müəyyənləşdirilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin əvvəlində əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Qobu polis bölməsinin əməkdaşlarının Aşağı Güzdək qəsəbəsi ərazisində həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik tərkibli çətənə kollarının kultivasiyası ilə məşğul olan, əvvəllər dəfələrlə məhkum edilmiş qəsəbə sakini Rasim Rzaxanov da saxlanılıb. Onun evinin həyətinə baxış zamanı 1 kiloqrama yaxın marixuana və 15 xüsusi qulluq edərək yetişdirdiyi çətənə kolu aşkar olunub. Rasim Rzaxanov ifadəsində narkotik tərkibli bitkiləri əkib-becərdiyini və xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Narkotik vasitələrin kultivasiyası, eləcə də qanunsuz dövriyyəsində şübhəli bilinən Rasim Rzaxanov ölmüş və qidaya yararsız mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü, həmçinin emalı ilə məşğul olduğu üçün bir neçə il bundan əvvəl saxlanılan mütəşəkkil dəstənin başçısı Alıbəy Rzaxanovun qardaşıdır.

Faktlarla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.