MƏDƏNİYYƏT
Hökümə Hacıyeva: Kolleksiyalarımda geyimlər “danışmalıdır” VİDEO
Bakı, 8 sentyabr (AZƏRTAC, Pərvanə Rəhimova). Gündən-günə müasirləşən, inkişaf edən və güclənən Azərbaycanda son zamanlar dəbə maraq artıb. Hər gün yeni tendensiyaları irəli sürən, yeni ideyalar və fərqlilik nümayiş olunan dəb sahəsində qeyri-adiliklə yadda qalmaq heç də asan iş deyil. Çox sevindiricidir ki, Bakıda artıq dəb sahəsində gənc modelyerlərimizin fəaliyyəti, onların yerli və beynəlxalq moda sərgilər və dəfilələrində iştirakları, uğurları bu inkişafın göstəricisidir. Gənc, özünəməxsus geyimləri ilə fərqlənən və xüsusi istedada malik Hökümə Hacıyeva AZƏRTAC-a eksklüziv müsahibəsində dəb aləminə gəlməsindən və fəaliyyətindən danışdı.
Uşaqlıqdan moda ilə maraqlandığını qeyd edən modelyer, ailəsinin və valideynlərinin də dəblə həmişə maraqlandıqlarını söyləyib. Bu sənətə gəlməyində atasına minnətdar olduğunu bildirən Hökümə Hacıyeva deyib ki, atası dizayner olduğuna görə onda incəsənətə həvəs yaranıb, atasından maraqlı məsləhətlər alıb.
Sənətə rəsm çəkməklə başlayan Hökümə Hacıyeva, müxtəlif sərgilərdə iştirak edib, dizayner ixtisası üzrə təhsil aldıqdan sonra isə moda sahəsinə ilk qədəmlərini qoyub. İlk sərgisi hələ universitet illərində keçirilib. Bu sərgidə o, foto və rəsmlərini nümayiş etdirib.
Müxtəlif sərgilərdə iştirak etmiş modelyerin hazırda iki kolleksiyası var. Birinci kolleksiyası - yaz-yay 2014 və ikinci – payız-qış 2014/2015.
Müsahibim qeyd etdi ki, sentyabrda yerli dizaynerlərə dəstək üçün sərgi açacaq və burada ikinci kolleksiyasını təqdim edəcək.
Hökümə Hacıyeva Azərbaycan Qərb Universitetini bitirib, magistr təhsilini isə Azərbaycan Dövlət İncəsənət Universitetində davam etdirib. Onun kolleksiyasında olan geyim nümunələri bir-biri ilə daim uyğunlaşır. Dizayner təkcə ziyafət paltarları deyil, həyatın hər sahəsi üçün geyimlər hazırlayır. “Clothes must speak” (“Geyimlər danışmalıdır”) onun brendinin əsas ideyasıdır.
Gələcək planlarından söz açan H.Hacıyevanın ən böyük arzusu təhsilini davam etdirmək, ölkəmizdə və xaricdə keyfiyyətli geyim nümunələrinin təqdimatına nail olmaqdır.
Keyfiyyətli parça, mükəmməl tikiliş, detallara xüsusi diqqət edən dizaynerin hazırladığı “HOKUMA by Hokuma Hajiyeva” brendinin fərqləndirici xüsusiyyəti olduğunu diqqətə çatdırıb.
Müxtəlif tərzdə geyimlər hazırlayan dizaynerin sözlərinə görə, bu kolleksiyasının yaradılmasında əsas ilham mənbəyi Azərbaycan xalçaları olub.
Geyimlərin təqdimatına da xüsusi önəm verən gənc modelyer, bunun üçün xüsusi etiket və paketlərdən istifadə olunmasının vacibliyini qeyd edib.