İQTİSADİYYAT
“Hökumət buludu”nun yaradılması istiqamətində Belarus təcrübəsi öyrənilir
Bakı, 22 may, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin nümayəndə heyəti “Hökumət buludu” (G-cloud) layihəsi çərçivəsində Belarusun “bulud”a inteqrasiya təcrübəsi ilə yaxından tanış olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Minskdə keçirilən XXV “TIBO-2018” Beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən “AzInTelecom” nümayəndə heyəti “bulud” həlləri, “bulud”a inteqrasiya, Belarus dövlət qurumlarının “bulud”dan istifadə tendensiyaları, eləcə də “Hökumət buludu”nun yaradılması və ona keçid perspektivlərini müzakirə edib.
Görüşlər zamanı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, iki ölkənin İKT sahəsi üzrə əlaqələrin inkişafı, xüsusilə “Hökumət buludu”nun yaradılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları haqqında təkliflər irəli sürülüb.
Məlumat üçün bildirilir ki, “Hökumət buludu”nun yaradılması “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin tərkib hissəsidir.