DÜNYA


Hökumətin sərt tədbirləri nəticəsində Avstriyada koronavirusa qarşı vaksinasiyada rekord qeydə alınıb

Vyana, 23 noyabr, AZƏRTAC

Avstriya hökuməti noyabrın 15-dən etibarən koronavirusa qarşı peyvənd olunmayanlar üçün sərt karantin rejimi tətbiq etdikdən sonra bu ölkədə vaksinasiya kampaniyasında rekord göstərici qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, ötən həftə ərzində ölkə üzrə 650 min nəfər virusa qarşı peyvənd olunub. Onlardan təxminən 100 min nəfəri peyvəndin ilk dozasını qəbul ediblər. Əslində iyun ayının statistikası (həftəlik 293 min ilk doza) ilə müqayisədə ilk dozanın tətbiqində xüsusi bir irəliləyiş saylmasa da, iyul—sentyabrdakı durğunluğa nəzərən göstəricilərdə artım var. Eyni zamanda, peyvəndin üçüncü (“buster”) dozasını qəbul edənlər də statistikaya təsir göstəriblər. Ölkə üzrə 1,2 milyon şəxsə artıq “buster” doza tətbiq edilib.

Qeyd edək ki, Avstriyada peyvənd olunmağa marağın aşağı olması və yoluxmaların artımı fonunda hökumət noyabrın 22-dən etibarən ölkədə 20 günlük sərt karantin rejimi elan edib. Əhalinin 65,9 faizinin koronavirusa qarşı tam peyvənd olunduğu Avstriyada dekabrın 12-dən sonra sərt karantin rejimi peyvənd olunmayanlar üçün qüvvədə qalacaq, gələn ilin fevral ayından etibarən isə ölkədə bütün əhali üçün koronavirusa qarşı peyvənd məcburi olacaq.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.