DÜNYA
Hökumətlər səviyyəsində sammitdə dünyanın gələcəyini formalaşdırmaq məsələləri müzakirə ediləcək
Dubay, 7 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun hamiliyi ilə fevralın 10-da Dubayda hökumətlər səviyyəsində VII Dünya Sammiti (WGS 2019) işə başlayacaq.
AZƏRTAC xəbər verir ki, 140 ölkədən 4 mindən çox yüksək vəzifəli məmur, dövlət və hökumət başçıları, 30 beynəlxalq təşkilatın təmsilçiləri və sahibkarlar dünyanın gələcəyini formalaşdırmaq məqsədi ilə zirvə görüşünə toplaşacaqlar.
Sammitdə iqlim dəyişmələri və fiskal siyasətdən tutmuş dövlət xidmətləri və postmünaqişə sosial barışıq sahəsində innovasiyalara qədər bəşəriyyətin gələcəyini müəyyən edəcək həyati əhəmiyyətli sektorlar üzrə 200-dən çox interaktiv sessiyada təqribən 600 dünya şöhrətli məruzəçi iştirak edəcək.
Sammitdə dünyanın hər yerindən təqribən 100 nazir, 120-dən çox prezident və aparıcı beynəlxalq təşkilatların rəsmi şəxsləri iştirak edəcəklər. Onlar bu günün və sabahın problemlərini qlobal WGS 2019 platformasında həll etmək üçün öz səylərini birləşdirəcəklər.
WGS-in sədri, nazirlər kabineti və gələcək işləri naziri Məhəmməd bin Abdulla Al Qerqavi WAM dövlət informasiya agentliyinə müsahibəsində bildirib ki, Şeyx Məhəmməd bin Rəşidin göstərişinə görə, 2019-cu ilin zirvə görüşündə əsas diqqət insan həyatının inkişafına yönəldilməli, hökumətin yeddi milyard insana daha firavan gələcək yaradılması üzrə səyləri dəstəklənməlidir.
Al Qerqavi bildirib ki, dövlət başçıları, hökumət məmurları, alimlər və sahibkarlar yeddi əsas sahədə - texnologiyaların və onların hökumətlərə təsirinin gələcəyi; sağlamlığın və həyat keyfiyyətinin gələcəyi; ətraf mühitin və iqlim dəyişmələrinin gələcəyi; təhsil və əmək bazarının gələcəyi; ticarətin və beynəlxalq əməkdaşlığın gələcəyi; cəmiyyətlərin və siyasətin gələcəyi; habelə hökumət və cəmiyyət arasında informasiya və kommunikasiyaların gələcəyi sahələrində öz təcrübələrini bölüşmək üçün bu sammitə toplaşacaqlar.
O, həmçinin bildirib ki, sammitdə BƏƏ-nin görkəmli xadimləri iştirak edəcəklər. Dubayın vəliəhd şahzadəsi və Dubay İcraiyyə Şurasının sədri şeyx Həmdan bin Məhəmməd bin Rəşid Al Məktum gələcəyə təsir göstərəcək yeddi əsas dəyişiklik barədə danışacaq.
Al Qerqavi onu da bildirib ki, Papa Fransisk Vatikandan sammitdə iştirak edəcək. Bu da bəşər qardaşlığının və qlobal əməkdaşlığın formalaşmasında dünya liderlərinin qlobal təşkilatçısı kimi sammitin nüfuzunu möhkəmləndirir.
Sammitdə gələcək liderlik ilə bağlı olan bir neçə mövzu, habelə dövlət və hökumətlərin iflasının səbəblərinin və əsas amillərinin səmərəli dəf edilməsi yollarının təhlilinə həsr olunmuş mövzular nəzərdən keçiriləcək.
WGS sammiti dünya ticarətinin proqnozlaşdırılmasına həsr olunmuş bir neçə sessiya da keçirərək, diqqəti bu sahəyə yönəldəcək.
WGS son altı ildə məqsədyönlü bilik platforması təşkil etməyə müvəffəq olub. Bu platforma öz ideya və vasitələrini işləyib hazırlamaqda, problemləri qabaqcadan görməkdə və ən yaxşı həll yolları tapmaqda hökumətlərə kömək edəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay