İQTİSADİYYAT
“Holcim Azərbaycan” şirkəti yolların möhkəmləndirilməsində yeni həllər təklif edir
Bakı, 13 may, Ramiz Quliyev, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən 14-cü Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisində (TransCaspian 2015) “Holcim Azərbaycan” şirkəti də öz innovativ məhsullarını nümayiş etdirir.
“Holcim Azərbaycan”ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə şirkət bazarda yol tikintisi seqmenti üçün digər innovativ həllər tətbiq edir. “Holcim”-in yeni məhsulu yol tikintisi materiallarının yeni nəslinə aiddir. Ümumilikdə bu, şirkətin təklif etdiyi həllərlə inşa edilən yolların yükgötürmə qabiliyyətini və dayanıqlılığını artıracaq.
Sərgidə “Dorosol” və “Doroport” adlanan yol yapışdırıcıları nümayiş olunur. Bu sement əsaslı məhsul torpaq səthinin yerində bərkidilməsi, mövcud qruntun istifadəsi və yolun yükgötürmə qabiliyyətinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Bunu müvafiq qurumlarla birgə təşkil olunan laboratoriya testləri və sınaqlar da göstərir. Bütün bunlar yol tikintisində yeni texnologiyaların tətbiqinə, xərclərə qənaət etməyə və yollarda yüksək keyfiyyət əldə etməyə imkan yaradır.
Sərgidə potensial müştərilər və istifadəçilər üçün məlumat mübadiləsi aparılıb.