İDMAN
Holoud Həssən Al-Xələf: Könüllülərin fədakar əməyi çox xoşuma gəldi
Bakı, 14 may, Əziz Məmmədov, AZƏRTAC
İlk dəfədir Azərbaycanın paytaxtına gəlirəm. Dünən imkan edib şəhərdə gəzintiyə çıxdım. Bakı çox gözəl və təmiz şəhərdir. Azərbaycanlılar çox xoşuma gəldi, çox mehribandırlar. IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılarının peşəkarlığını qeyd etməyə bilmərəm. Bir problem yaranan kimi köməyimizə tələsən könüllülərin fədakar əməyi də xoşuma gəldi. Məndə ölkəniz barədə ən xoş təəssüratlar yarandı.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində İslamiadanın qadınlar arasında səngər atıcılığı yarışlarının bürünc mükafatçısı, Qətər təmsilçisi Holoud Həssən Al-Xələf səsləndirib.
İslamiadada çıxışını uğurlu saydığını diqqətə çatdıran qətərli idmançı deyib: “Əlbəttə, “Bakı-2017” Oyunlarında qızıl medal qazanmaq istərdim. Amma buna baxmayaraq, Oyunlarda hökm sürən dostluq və həmrəylik ab-havasını qeyd etməyə bilmərəm. Hər bir idmançının qalibiyyət uğrunda mübarizə aparmasına baxmayaraq, aramızda dostluq münasibətləri yaranıb. Final mərhələsindən sonra başqa ölkələrin idmançıları yaxınlaşıb qazandığım uğur münasibətilə məni təbrik edirdilər”.