CƏMİYYƏT


Honkonq hökuməti "Sinovac" şirkətinin COVID-19 vaksinini təcili istifadə üçün təsdiqləyib

Pekin 18 fevral, AZƏRTAC

Honkonq xüsusi inzibati ərazisinin hökuməti Çinin "Sinovac Biotech" şirkətinin COVID-19 əleyhinə "CoronaVAC" adlı peyvəndini təcili istifadəsini təsdiqləyib.

AZƏRTAC Honkonq hökumətinin açıqlamasına istinadla xəbər verir ki, bu barədə qərar mütəxəssislər qrupunun "CoronaVAC" peyvəndinin effektivliyi barədəki müvafiq rəyindən sonra verilib. Honkonqun ərzaq və sağlamlıq məsələləri üzrə katibi Sofiya Çan "Sinovac" şirkətinin vaksininin təcili istifadə üçün təsdiqinin vacib addım olduğunu və ictimaiyyətin maraqlara xidmət etdiyini deyib.

Bildirilir ki, artıq "Sinovac" şirkəti Honkonqda vaksinasiya üçün istifadə olunacaq peyvəndlərin birinci partiyasını Pekindən yola salıb. Yaxın günlərdə xüsusi inzibati ərazidə vaksinasiya başlayacaq.

Qeyd edək ki, "Sinovac Biotech" şirkətinin COVID-19 virusuna qarşı peyvəndinə dünyada maraq böyükdür. "CoronaVAC" peyvəndinin Çin, Türkiyə, İndoneziya, Braziliya, Çili və bir neçə başqa ölkədə tətbiqinə icazə verilib. Ötən ay Azərbaycanda başlayan COVID-19 virusuna qarşı vaksinasiya prosesində də məhz "Sinovac"ın peyvəndindən istifadə olunur. Təsirsiz hala gətirilmiş (inaktivləşmiş) bu peyvəndin hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Çin hökuməti bu peyvəndin ölkədə kütləvi istifadəsinə də icazə verib. Şirkət peyvəndə olan yerli və xarici tələbatı nəzərə alaraq illik istehsal gücünü 1 milyard dozaya çatdırmaq üçün istehsalı genişləndirir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.