DÜNYA
Honkonq hökumətinin rəhbəri vəzifəsinə seçki epidemik vəziyyətlə əlaqədar təxirə salınıb VİDEO
Pekin, 18 fevral, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisi administrasiyasının rəhbəri vəzifəsinə martın 27-nə nəzərdə tutulan seçki epidemik vəziyyətlə əlaqədar mayın 8-nə keçirilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə inzibati ərazinin rəhbəri xanım Kərri Ləm açıqlama verib.
Son günlər Honkonqda COVID-19 virusuna yoluxmaların sayı davamlı artır. Ötən sutka 6 min 116 yeni yoluxma aşkarlanıb ki, bu, pandemiya dövrünün ən yüksək rəqəmi olub. Epidemik vəziyyətlə mübarizə üçün Çinin materik hissəsindən tibb işçiləri Honkonqa ezam olunub. Gündəlik test imkanının 300 minə çatdırılması istiqamətində iş aparılır. Bunun üçün səyyar laboratoriyalar quraşdırılır. Daha 7 klinika orta simptomlu xəstələri müalicə etmək üçün ayrılıb. Bundan başqa, hökumət bəzi ictimai binaları, mehmanxanaları, hətta yaşayış binalarını müvəqqəti olaraq karantin mərkəzinə çevirməyə başlayıb.
Qeyd edək ki, Honkonqda hazırda pandemiyanın 5-ci dalğası müşahidə olunur. Yoluxanların sayının çoxalması tibbi ləvazimat və yer çatışmazlığını ortaya çıxarıb. Dövlətə məxsus 7 xəstəxanadakı çarpayıların hamısına COVID-19 pasiyentləri yerləşdirilib, 17 xəstəxanada isə yerlərin 95 faizi dolub. Tibb ocaqlarının qarşısında uzun növbələr yaranıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin