DÜNYA
Honkonqda COVID-19-la əlaqədar kütləvi test prosesində 1,7 milyon nəfər iştirak edib
Pekin, 15 sentyabr, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisində yeni növ koronavirusla (COVID-19) əlaqədar kütləvi testdənkeçmə prosesi başa çatıb.
AZƏRTAC xəbər verir ki, test prosesində əvvəlcədən qeydiyyatdan keçmiş 1 milyon 783 min nəfər iştirak edib. Çinin materik hissəsindən olan mütəxəssislər də daxil olmaqla, 579 tibb işçisinin icra etdiyi proses zamanı 42 nəfərin test nəticəsi müsbət çıxıb. Həmin şəxslərin yaşadıqları və işlədikləri yerlər ciddi epidemioloji nəzarətə götürülüb.
Şəhər hökumətinin məlumatında deyilir ki, kütləvi testdənkeçmə prosesi başa çatsa da, sakinlər noyabrın 20-dək Honkonqdakı 22 xəstəxanada testdən keçə bilərlər.
Qeyd edək ki, Honkonq hökuməti iyul ayından bəri yoluxma hallarının çoxalması ilə ağırlaşan epidemik vəziyyəti nəzarət altına almaq üçün kütləvi testdənkeçmə prosesinin təşkilinə qərar vermişdi. İki həftə davam edən proses sakinlər üçün ödənişsiz olub və könüllülük prinsipi əsasında baş tutub. Prosesin yekunu olaraq, bəzi karantin tədbirlərinin sentyabrın 18-dən başlayaraq yumşaldılmasına qərar verilib. Bura barların, karaoke klublarının, üzgüçülük hovuzlarının və mövzu parklarının açılması, habelə restoranların fəaliyyət saatlarının uzadılması daxildir. Bundan başqa, hökumət turizm, qida və içki sektoru da daxil olmaqla, pandemiyadan ən çox zərər görən 23 sahəyə təxminən 580 milyon ABŞ dolları yardım ayırmağı qərara alıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin