DÜNYA
Honkonqda koronavirusa görə kütləvi test həyata keçiriləcək
Pekin, 22 avqust, AZƏRTAC
Çinin Honkonq xüsusi inzibati ərazisində sakinlər kütləvi şəkildə yeni növ koronavirus (COVID-19) testindən keçiriləcəklər.
AZƏRTAC xəbər verir ki, Honkonq hökuməti iyul ayından bəri yoluxma hallarının çoxalması ilə ağırlaşan epidemik vəziyyəti nəzarət altına almaq üçün belə bir qərar qəbul edib. Sentyabrın 1-də başlayacaq proses iki həftə davam edəcək. Kütləvi test prosesi sakinlər üçün ödənişsiz olacaq və könüllülük prinsipi əsasında aparılacaq.
Honkonqun 18 rayonunda səyyar test məntəqələri təşkil olunacaq. Test prosesini yerinə yetirmək üçün Çinin müxtəlif şəhərlərindən Honkonqa əlavə tibb briqadaları cəlb olunur.
Qeyd edək ki, Honkonq xüsusi inzibati ərazisində indiyədək 4632 nəfər COVID-19 infeksiyasına yoluxub, 75 nəfər pandemiyanın qurbanı olub. Son həftələr yoluxma sayında ciddi artım müşahidə edilir.
Çində pandemiya ilə əlaqədar sakinlərin kütləvi test edilməsi ənənəsi ilk olaraq Uxanda başlayıb, daha sonra paytaxt Pekində, habelə Urumçi və Dalyam şəhərlərində həyata keçirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin