DÜNYA
Honkonqun bütün əhalisi koronavirus testindən keçiriləcək
Bakı, 17 fevral, AZƏRTAC
Honkonqun hakimiyyət orqanları pandemiyanın əvvəlindən bəri koronavirusa ən yüksək yoluxma fonunda bütün əhalini COVID testindən keçirməyi planlaşdırır.
AZƏRTAC “The Standard” qəzetinə istinadla xəbər verir ki, Çinin materik hissəsinin mütəxəssislərinin dəstəyi ilə keçiriləcək müvafiq proqramın tətbiqinə mart ayında başlanılacaq. Proqram çərçivəsində hər gün bir milyona qədər insan test olunacaq. Hazırda 7,5 milyon nəfərin yaşadığı Honkonqun hər bir sakini üç həftə ərzində üç test verməlidir. Honkonqlu həkimlər bu sayda testi emal edə bilmədiyi üçün nümunələrin bir hissəsi Çinin cənubunda yerləşən qonşu Quandun əyalətindəki laboratoriyalara göndəriləcək.
Honkonqda məktəblər, idman, mədəniyyət və əyləncə obyektləri bağlanıb. Yerli vaxtla saat 18:00-dan sonra restoranlara yalnız evə çatdırılma xidməti göstərməyə icazə verilir.
ÇXR sədri Si Cinpin bölgədə epidemioloji vəziyyətin mümkün qədər tez nəzarət altına alınması istiqamətində tapşırıqlar verib. Yerli administrasiya koronavirus xəstələrini yerləşdirmək üçün əlavə olaraq daha yeddi dövlət klinikası ayırıb, lakin onlarda da boş yer qalmayıb. Bu səbəbdən bir sıra mehmanxanalardan xəstəxana kimi istifadə edilməsi planlaşdırılır.
Qeyd edək ki, əhalisinin 84,5 faizinin koronavirusa qarşı peyvənd olunduğu Çinin xüsusi administrativ rayonunda pandemiyanın əvvəlindən bu yana rekord yoluxma halları aşkarlanır. Ötən sutka ərzində şəhərdə 4 min 285 nəfərin koronavirus diaqnozu təsdiqlənərək yeni antirekord qeydə alınıb, doqquz xəstə isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib.