İQTİSADİYYAT


Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin ikinci mərhələsi üzrə işlər sürətlə davam edir

Bakı, 27 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan verilən məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 90 faizi tamamlanıb. Layihənin ikinci mərhələsi üzrə Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə edən 55 kilometr yolun tikintisi işləri sürətlə şəkildə davam etdirilir.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, hazırda Horadiz stansiyasından çıxan işçi qatarlar Mərcanlı, Mahmudlu, Soltanlı və Qumlaq stansiyalarına qədər sərbəst hərəkət edə bilir və tikinti üçün zəruri olan mal-materialın təminatı işini həyata keçirir.

Hazırkı mərhələdə 1 ədəd tunel, 15 ədəd körpü, 7 ədəd yolötürücü, 4 ədəd avtomobil alt keçidi, 161 ədəd suötürücü boru, 70 ədəd ehtiyat keçidinin tikintisi nəzərdə tutulub. Bu mərhələ üzrə torpaq işlərinin 28 faizi, süni qurğuların 33 faizi, dəmir yolunun üst quruluşu elementlərinin isə 20 faizi tamamlanıb.

Ötən ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrdir. Tikinti işləri 3 mərhələdə həyata keçirilir. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 kilometr, ikinci mərhələ Soltanlı, Qumlaq, Həkəri və Mincivan stansiyalarını əhatə etməklə 55 kilometr, üçüncü mərhələ isə Mincivandan başlayaraq Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 kilometr təşkil edir.

Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Dəmir yolu xəttinin tikintisi işləri minatəmizləmə prosesinə paralel aparılır və indiyə qədər trassa üzrə 82 kilometr ərazi minalardan təmizlənib.

Üçüncü mərhələ Mincivan, Bartaz və Ağbənd stansiyaları arası 85-110,4 kilometrlik ərazini əhatə edir. Hazırda həmin ərazidə minalardan təmizləmə işlərinə hazırlıq görülür.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.