REGİONLAR


Horadiz-Ağbənd dəmir yolunun ikinci mərhələsi üzrə işlər sürətlə davam edir REPORTAJ VİDEO

Cəbrayıl, 31 may, Aydın Yavərzadə, AZƏRTAC

Uzunluğu 110,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolunda tikinti işləri sürətli davam etdirilir. Polad yolun tikintisi üç mərhələ üzrə həyata keçirilir. Artıq ikinci mərhələdə işlər görülür. Bu, ən mühüm mərhələ sayılır. İkinci mərhələnin başlanğıcı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın təməlini qoyduğu Soltanlı stansiyasından başlayır.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova AZƏRTAC-ın bölgə müxbirinə Horadiz-Ağbənd dəmir yolunda görülən işlər barədə açıqlama verərkən bildirib ki, layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Soltanlı stansiyasının yerləşdiyi ərazi isə bu yolda işlərin ikinci mərhələsi üzrə başlanğıc nöqtəsi sayılır.

Yolda tikinti işləri üç mərhələdə həyata keçirilir. Birinci mərhələ yolun 30 kilometrlik hissəsini əhatə edir. Demək olar ki, bu mərhələ üzrə işlərin 90 faizi yekunlaşıb. Hazırda 55 kilometr uzunluqda olan, yəni ən böyük mərhələdə işlər aparılır. Soltanlı stansiyası isə başlanğıc hissəsidir. Bu mərhələ Soltanlı ilə yanaşı Qumlaq, Həkəri və Mincivana kimi olan hissəni əhatə edir. İşlərin böyük bir qismi bu mərhələnin payına düşür.

Ümumilikdə yol üzərində süni mühəndis qurğularının quraşdırılması, torpaq yatağı işlərinin görülməsi üzrə işlərin 30 faizdən çoxu icra olunub.

“İşğaldan azad olunmuş ərazilərdə aparılan bu işlər mina təmizləmə prosesi ilə bərabər yerinə yetirilir. Hazırda yolun 85 kilometrlik hissəsi minalardan tamamilə təmizlənib. Üçüncü mərhələnin işlərinə hazırlıq görülür. Üçüncü mərhələ isə Mincivandan Bartaz-Ağbənd istiqamətində olacaq ki, bu da yol üzrə 25,4 kilometrlik hissəni əhatə edəcək, - deyə Natəvan Bayramova bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.