CƏMİYYƏT
“Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları 22 kiloqramdan çox narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alıblar
Bakı, 21 yanvar, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin təhlükəsizliyinin təmin olunması sahəsində əməliyyat-axtarış və sərhəd-mühafizə tədbirlərini uğurla davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, son günlər Xidmətin Sərhəd Qoşunlarının “Horadiz” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 22 kiloqram 496 qram narkotik vasitənin və 1090 ədəd psixotrop maddənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Yanvarın 6-da saat 00:25 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Cəbrayıl rayonunun Karxulu kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində iki naməlum şəxs tərəfindən İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulması cəhdinin qarşısı sərhəd naryadı tərəfindən alınıb. Sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq qaçmağa çalışarkən saxlanılıblar. Onların İran vətəndaşları 1995-ci il təvəllüdlü Zeynallı Yasir Əziz və 1982-ci il təvəllüdlü Aşiqi Çapar İsmayıl olmaları müəyyənləşdirilib. Hadisə yerinə baxış zamanı iki bağlamanın içərisində 10 kiloqram 767 qram çəkidə narkotik vasitə və 500 ədəd metadon-40 psixotrop həbi aşkarlanaraq götürülüb.
Yanvarın 9-da saat 21:40 radələrində “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Alaşa kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində iki naməlum şəxsin İran tərəfdən Astara çayının sahilinə yaxınlaşaraq bir bağlamanı Azərbaycan Respublikası istiqamətində sahilə doğru ataraq uzaqlaşmaları sərhəd naryadı tərəfindən müşahidə olunub. Ərazi dərhal qapadılıb və axtarış tədbirləri keçirilib. Bağlamanın içərisində 1 kiloqram 590 qram narkotik vasitə aşkarlanıb.
Yanvarın 17-də saat 23:35 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun İmamverdili kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində bir nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini çəkib. Ərazidən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən şəxs sərhəd naryadının “Dayan!” əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb. Onun Kürdəmir rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Azər Mübariz oğlu olması müəyyənləşdirilib. Həmin şəxsin əlindəki bağlamaya baxış zamanı 10 kiloqram 139 qram narkotik vasitə və 590 ədəd metadon-40 psixotrop həbi aşkar edilərək götürülüb.
Narkotik vasitələrin sifarişçilərinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayonunun Arbatan kənd sakini 1990-cı il təvəllüdlü İsmayılov Ruhin Vilayət oğlu saxlanılaraq istintaqa cəlb olunub. Araşdırma zamanı saxlanılan şəxslər narkotik vasitə aludəçisi olduqlarını bildiriblər.
Faktlarla bağlı əməliyyat-istintaq hərəkətləri davam etdirilir.