“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqları hərraca çıxarılacaq
AzerTAg.az

Bakı, 26 may, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən iyunun 23-də faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Füzuli rayonunda yerləşən “Horadiz” qum-çınqıl yatağının 55 hektar sahəsi 5 LOT üzrə, Goranboy rayonunda yerləşən “Qarasuçay” qum-çınqıl yatağının isə 43 hektar sahəsi 4 LOT üzrə hərraca çıxarılacaq.
“Horadiz” və “Qarasuçay” qum-çınqıl yataqlarının ərazilərində yer təki sahələrinin istifadəyə verilməsi ilə əlaqədar hərrac iddiaçıları iştirakla bağlı sənədləri iyunun 11-də saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac ƏMDX-nin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3vhvwgi) və Özəlləşdirmə portalında (https://bit.ly/3bNz0j9) tanış olmaq mümkündür.
Xəbərin mətnində orfoqrafik səhv var