ELM VƏ TƏHSİL


“Horizon-2020” proqramı ilə bağlı növbəti maarifləndirici seminar

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə Avropa Komissiyasının “Horizon-2020” proqramına müraciət qaydaları ilə bağlı növbəti maarifləndirici seminar keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə akademiyanın Fizika, Riyaziyyat və Texnika və Kimya elmləri bölmələrinə aid olan elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə şöbə müdirləri və məsul şəxsləri, həmçinin alim və mütəxəssisləri iştirak ediblər.

Seminarı idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. Avropa İttifaqının elmi tədqiqat və innovasiyaları dəstəkləyən “Horizon-2020” proqramı haqqında danışan alim bildirib ki, layihənin

məqsədi elmin inkişafının daha yüksək səviyyəyə qaldırılmasına, innovasiya və elmi tədqiqatların sənayedə tətbiqinə, cəmiyyətdə sağlam həyat və qidanın təhlükəsizliyinə, ətraf mühitin qorunmasına, enerji və digər təbii ehtiyatların səmərəli istifadə edilməsinə yönəlmiş

tədqiqatlar aparmaqdır. O, 2020-ci ildə başa çatacaq layihənin büdcəsinin 80 milyard avro olduğunu, böyük imkanlara malik proqrama fərdi, eləcə də kollektiv şəkildə müraciət edilə biləcəyini söyləyib. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” ölkələri sırasında “Horizon-2020” proqramına

Azərbaycandan müraciətlərin yetərincə qeydə alınmadığını deyən E.Əlirzayeva elmi müəssisə və təşkilatların beynəlxalq əlaqələr üzrə məsul şəxslərinə bu istiqamətdə səylərini artırmaları barədə müvafiq tövsiyələrini verib.

Sonra “Horizon-2020” proqramının Avropa Tədqiqat Şurası istiqaməti üzrə milli əlaqələndiricisi İlham Hümbətov, hüquq və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi Tofiq Babayev, iqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndiricisi Rövşən Kərimov, kosmos üzrə milli əlaqələndiricisi Ülkər Qədirova çıxış edərək “Horizon 2020”nin strukturu, hüquqi aspektləri, proqramda tədqiqatçıların və müəssisələrin qeydiyyatdan keçməsi, eləcə də layihələrin yazılma qaydası və göndərilməsi, tərəfdaşların tapılması, layihələrin komissiya tərəfindən qiymətləndirilməsi meyarları barədə məlumat veriblər.

Daha sonra AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı Canməmməd Rüstəmov və proqramın Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi Zaur Həsənov “Horizon-2020” üzrə uğurlu layihələr barədə təcrübələrini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.