MƏDƏNİYYƏT


Hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Milli Ulduz Təsnifatı Sistemi barəsində təlim keçirilərək Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, təlimdə Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlam, Ulduz təsnifatı üzrə menecer Rəşad Niyazov və başqaları çıxış edərək ulduzlaşma qaydaları, tətbiq olunma metodu, lazımi sənədlər və minimum meyarlarla bağlı məlumat veriblər.

Eyni zamanda, təlimdə yeni ulduz təsnifatı sisteminin, xüsusilə Azərbaycan hotelçilik sənayesi və turizmi üçün əhəmiyyətindən və üstünlüklərindən bəhs edilib.

Diqqətə çatdırılıb ki, ulduzlaşma ilə bağlı müraciətlərin qəbuluna cari ilin may ayından etibarən başlanılacaq.

Tədbirdə, həmçinin dünyanın su, sanitariya və enerji texnologiyaları üzrə ixtisaslaşmış qlobal şirkəti olan “Ecolab”ın Azərbaycan üzrə nümayəndəliyi “Ecober” tərəfindən hotellərdə gigiyena və təmizlik standartları, eyni zamanda, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən təhlükəsizlik standartlarının əhəmiyyəti barədə məlumat verilib.

Bildirilib ki, bu növ təlimlər ilk olaraq Bakıda, sonra isə regionlarda davamlı olaraq təşkil olunacaq.

Həmçinin Milli Ulduz Təsnifat Sisteminin icrasının Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçiriləcəyi qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib.

Milli ulduz təsnifat sistemi, hotelçilik sahəsində ixtisaslaşmış təşkilat kimi Azərbaycan Hotel Assosiasiyası tərəfindən Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un təsnifat meyarları əsasında hazırlanıb.

Azərbaycan Hotel Assosiasiyası Avropa Mehmanxanalar Assosiasiyasının - “Hotelstars Union”un və Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (“HOTREC”) müşahidəçi üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.