İQTİSADİYYAT
Houlin Zao yenidən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katib seçilib

Əbu-Dabi, 1 noyabr, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Dubay şəhərində keçirilən 20-ci Səlahiyyətli Konfransında quruma üzv dövlətlərin səsverməsi ilə Houlin Zao yenidən BTİ-nin baş katibi seçilib.
AZƏRTAC xəbər verir ki, Çin əsilli Houlin Zao növbəti 4 il ərzində ittifaqa başçılıq edəcək. Baş katib 178 üzv dövlətdən 176-nın səsini qazanıb. Məlumat üçün bildirək ki, baş katibin seçilməsi üçün 89 üzv dövlətin səsi kifayətdir.
O, növbəti dönəm üçün 2019-cu il yanvarın 1-dən etibarən səlahiyyətlərinin icrasına başlayacaq.
İnformasiya-kommunikasiya texnologiyaları mühəndisi olan H.Zao 2014-cü ildə Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi vəzifəsinə seçilməzdən əvvəl BTİ-nin baş katibinin müavini, ittifaqın İKT üzrə texniki standartlar işləyib hazırlayan Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru kimi çalışıb.
Bu gün, həmçinin BTİ-nin baş katibinin müavini vəzifəsinə İngiltərə vətəndaşı Malkom Conson, BTİ-nin Telekommunikasiya Standartlaşdırma Bürosunun direktoru vəzifəsinə koreyalı Çausib Lee və BTİ-nin Telekommunikasiya İnkişafı Bürosunun direktoru vəzifələrinə ABŞ vətəndaşı xanım Dorin Martin seçilib.
BTİ-nin Radiorabitə Bürosunun direktoru vəzifəsi üzrə namizədlər lazımi səs toplamadığı üçün sabah yenidən səsvermə keçiriləcək.
Məlumat üçün bildirək ki, seçkilərdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi