İQTİSADİYYAT
Hövsan qəsəbəsində Bağça küçəsi təmir olunur
Bakı, 25 iyun, AZƏRTAC
Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə Suraxanı rayonunda 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Hövsan qəsəbəsinin Bağça küçəsində yenidənqurma işləri icra olunur.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uzunluğu 2700 metr, ortalama eni isə 5 metr təşkil edən küçə qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur. Təmir-tikinti işləri çərçivəsində küçəboyu zəruri yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir.
Sözügedən küçədə təmir işləri təqribən 13 min 500 kvadratmetr sahədə aparılır. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun həyata keçirilib.
Qeyd edək ki, 2019-cu və 2020-ci illər ərzində Suraxanı rayonunun 50 kilometrədək qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində 2 qəsəbə və 3 yaşayış massivi üzrə ümumi uzunluğu 18,5 kilometr olan qəsəbədaxili küçələrin təmiri nəzərdə tutulur.