İQTİSADİYYAT
Hövsan qəsəbəsində İlqar Əhlimanov küçəsinin bir hissəsi təmir olunub VİDEO
Bakı, 22 aprel, AZƏRTAC
Hövsan qəsəbəsində İlqar Əhlimanov küçəsinin bir hissəsi təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Suraxanı rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsi idi ki, AAYDA tərəfindən burada əsaslı yenidənqurma işləri icra olunub.
Uzunluğu 1250 metr, ortalama eni isə 14 metr təşkil edən küçənin sözügedən hissəsi qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.
Küçə uzun müddət əsaslı şəkildə yenidən qurulmadan istismar olunduğundan gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınıb. Ardınca isə optimal qum-qırmadaş qarışığından yol əsası inşa edilib.
Bundan başqa vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri olan yerlərdə mövcud piyada səkiləri bərpa olunub və yeniləri inşa edilib, küçəboyu kəsişmələrlə bərabər səkilərin kənarlarına 2 min poqonmetrdən çox səki daşı düzülüb.
Aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub.
Bundan başqa küçəyə iri və xırda dənəli olmaqla, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Layihənin sonuncu mərhələsi üzrə təmir işləri aparılan hissənin zəruri nöqtələrinə yeni yol nişanları qoyulub, yolun üfüqi nişanlama xətlərinin çəkiliş işləri tamamlanaraq küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib.