CƏMİYYƏT
Hövsan sakinləri “Açıq mikrofon” qarşısında
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də Suraxanı Rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinin şikayət və təkliflərini dinləmək məqsədilə “Açıq mikrofon” formatında növbəti görüşü olub.
AZƏRTAC xəbər verir ki, əhali ilə növbəti birbaşa dialoq rayonun Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 15, 15A, 15B, 15V binalarının həyətində həyata keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun rayon sakinləri ilə birbaşa dialoqu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan, 540 ailənin - 1942 sakinin məskunlaşdığı bu gözəl və abad həyətdə təşkil olunub.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov əvvəlcə sakinlərə Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar, o cümlədən minimum əmək haqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, 12 mindən çox şəhid vərəsəsinə 11 min manat məbləğində birdəfəlik vəsaitin ödənilməsi, məcburi köçkünlərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, bəzi çoxmərtəbəli binalarda mənzillərin sənədləşdirilməsi, eyni zamanda, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması və müavinətlərin artırılması istiqamətində həyata keçirilən tədbirlər, verilmiş mühüm göstərişlər barədə tam dolğunluğu ilə məlumat verib.
Mindən artıq sakinin iştirakı ilə “Açıq mikrofon” şəraitində keçən görüşdə 50-dən artıq sakinin şikayət və təklifi dinlənilib. Sakinlər həllini gözləyən problemlər barədə danışıb, aktual məsələlər qaldırıblar. Müraciətlər əsasən küçə və yolların asfaltlanması, işıqlandırılması, su və kanalizasiya şəbəkəsinin qurulması, evlərin sənədləşdirilməsi və digər mövzularla bağlı olub.
Görüşdə sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq gətirilib, müvafiq izahatlar verilib və qaldırılan məsələlərin həlli üçün əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.