DÜNYA


Hulusi Akar: Türkiyə eyni anda birdən çox terror təşkilatına qarşı mübarizə aparan yeganə NATO ölkəsidir

İstanbul, 17 iyun, AZƏRTAC

NATO bir təhlükəsizlik təşkilatıdır. Ən böyük mübarizə sahələrindən biri də terrorizmdir. NATO-nun təsis prinsipləri regional və qlobal sabitlik, eləcə də təhlükəsizlik üçün hər cür terror təşkilatları ilə mübarizə aparmağı tələb edir. Bu baxımdan əməkdaşlıq və həmrəylik vacibdir. Bu, NATO-nun ənənələrində, əsas sənədlərində və iş prinsiplərində mövcud olan məsələdir. Türkiyə eyni anda birdən çox terror təşkilatına qarşı mübarizə aparan yeganə NATO ölkəsidir. Digər tərəfdən, Avropa ilə terrorizm arasında sonuncu maneədir. Suriya və İraqın şimalında terrorla mübarizə apararkən, vətəndaşlarımızı və ölkəmizi qoruyur, terrorçuların Avropaya yayılmasının qarşısını alırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO-nun Müdafiə Nazirləri Toplantısından sonra mediaya açıqlamasında ifadə edib.

Şimali İraq və Suriyada aparılan əməliyyatlar zamanı İsveç istehsalı olan silahların ələ keçirildiyini və toplantı çərçivəsində keçirdiyi görüşlərdə bununla bağlı sübutların həmsöhbətlərinə təqdim etdiklərini bildirən nazir Akar deyib: “Müttəfiq ölkəyə hücum edən, bu ölkənin təhlükəsizlik qüvvələrini öldürən, günahsız insanları qətlə yetirən terrorçulara məhəl qoymayan anlayış dostluq və ittifaq ruhu ilə bir araya sığmır. İsveç və Finlandiyanın terror təşkilatlarına siyasi və maliyyə dəstəyi, onlara silah yardımı göstərməsi və o yerlərin terrorçuların qaynar nöqtəsinə çevrilməsi NATO üçün də təhlükədir. Suriyanın şimalında və İraqda terrorçular ölkəmizə qarşı hücumlar etdikdən sonra qaçıb bu ölkələrə sığınmaq məqbuldurmu? Bu, müttəfiqlik ruhuna uyğun gəlirmi, belə bir ittifaq ola bilərmi? Hesab edirik ki, terror təşkilatlarına hər cür dəstəyin verilməsi və sonra müttəfiq kimi birgə müdafiə təşkilatında iştirak etmək tələbi böyük ziddiyyətdir”.

Müdafiə sənayesi sahəsi üzrə bəzi müttəfiq ölkələrin Türkiyəyə qarşı tətbiq etdiyi embarqoya diqqət çəkən nazir Akar deyib: “Bir tərəfdən “güclənək, qüvvətlənək, NATO-ya qarşı hər cür təhdidlərə qarşı bir olaq” deyilir, digər tərəfdən isə Türkiyəyə silah embarqosu tətbiq edilir. Bununla yanaşı da terror təşkilatlarına qarşı məhdudiyyətsiz dəstək verilir”.

Yunanıstan və Türkiyə arasında son günlər yaşanan gərginliklə bağlı jurnalistlərin sualını cavablandıran Hulusi Akar NATO qərargahında Yunanıstanın müdafiə naziri ilə görüşdüyünü xatırladaraq Türkiyənin qonşuları ilə sülh və firavanlıq içində yaşamaq istədiyini bir daha bildirib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.