ORDU
Hulusi Akar: Türkiyənin və Azərbaycanın Silahlı qüvvələri hər cür tapşırıqları yerinə yetirməyə qadir olduqlarını nümayiş etdiriblər VİDEO
Qars, 11 fevral, AZƏRTAC
Türkiyənin və Azərbaycanın Silahlı qüvvələri müasir avadanlıq və peşəkar şəxsi heyətlərinin iştirakı ilə qışda, yayda, eləcə də çətin dağ şəraitində quruda, dənizdə, havada hər cür tapşırıqları yerinə yetirməyə qadir olduqlarını nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar Qars vilayətində keçirilən “Qış təlimi-2021” birgə təlimlərinin “Ali müşahidəçi günü”ndə çıxış edərkən deyib.
Hər cür təhlükə və təhdidlərə hazır olmağın vacibliyini diqqətə çatdıran nazir İraq Silahlı Qüvvələri ilə əməkdaşlıq, qaçqınların yerləşdirilməsi, Suriya böhranı, Liviyada və Aralıq dənizində vəziyyət, terrorizmlə mübarizə, eləcə də Kipr məsələsinə dair ölkəsinin mövqeyinin dəyişməz olduğunu vurğulayıb.
Türkiyənin terrorizmə qarşı qətiyyətlə mübarizə apardığını deyən Hulusi Akar bildirib ki, ölkəsinin Egey və Aralıq dənizləri, Kipr məsələləri ilə bağlı üçüncü tərəflərdən gözləntiləri obyektiv olmaları, problemləri ağıl və məntiqlə dəyərləndirmələridir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars