SİYASƏT
Hulusi Kılıç: Ermənistan Tərtərdə dinc azərbaycanlıları qətlə yetirməklə “məni cinayət törətmək üçün yaradıblar” deyir
Ankara, 16 oktyabr, AZƏRTAC
Ermənistan işğalçı, terrorçu və insan qanına susamış cinayətkar dövlətdir. Otuz ildir ki, bu ölkəni idarə edənlər Azərbaycana qarşı açıq düşmənçilik ediblər. Ermənistan Tərtərdə qəbiristanlıqda dinc azərbaycanlıları kütləvi şəkildə qətlə yetirməklə “məni cinayət törətmək üçün yaradıblar” deyir. Azərbaycanlıların qanını tökmək bu vandallar üçün sanki hobbiyə çevrilib.
Bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.
Hazırda Ermənistanla Azərbaycan arasında yaranmış hərbi qarşıdurmaya görə bütün məsuliyyətin təcavüzkar dövlətin daşıdığını diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “Artıq bütün dünya görür ki, Ermənistan Azərbaycanda dinc əhalini, mülki yaşayış məskənlərini, böyük şəhərləri, inzibati binaları, infrastrukturu hədəf alıb. Fərz edək ki, bəzi ölkələr, beynəlxalq təşkilatlar məlum münaqişə ilə bağlı guya məlumatsız idilər. Bəs indi? Azərbaycandakı diplomatik korpusun rəhbərləri erməni faşizminin real əməllərini Gəncədə öz gözləri ilə gördülər. Hanı onların ölkəsinin hadisələrlə bağlı açıq mövqeyi? Əgər Gəncədəki hadisələrə real qiymət verilsəydi, işğalçı ordu cəsarət edib Tərtərdə qəbiristanlıqda keçirilən dəfn mərasiminə toplaşan insanları artilleriya atəşinə tutmazdı”.
Mülki azərbaycanlı əhalinin Ermənistan ordusu tərəfindən atəşə tutulmasının yenilik olmadığını diqqətə çatdıran səfir deyib ki, bu cür ağır cinayətlərə göz yummaq Ermənistanı müharibə cinayətlərinə həvəsləndirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara