CÜMHURİYYƏT - 100
Hulusi Kılıç: “Son iclas” filmi tamaşaçıda aydın təsəvvür yaradır ki, Cümhuriyyət hökuməti nə qədər çətin şəraitdə fəaliyyət göstərib
Ankara, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinə aid olan hər şey bizə əzizdir. “Son iclas” bədii-sənədli filmi Azərbaycan xalqının milli-azadlıq mübarizəsinin mahiyyətini əks etdirir. Tamaşaçıda aydın təsəvvür yaranır ki, Cümhuriyyət hökuməti nə qədər çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində səfir Hulusi Kılıç söyləyib. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə nə qədər çox məlumat yayılsa azdır. Kinonun ictimaiyyətə təsir dairəsi daha böyükdür. “Son iclas” bədii-sənədli filmi tarixi həqiqətləri, o cümlədən Azərbaycanın müstəqilliyinin bərpasına dair mühüm həqiqətləri əks etdirir. Filmin Türkiyədə daha geniş şəkildə yayılması vacibdir.
Qeyd edək ki, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara