ELM VƏ TƏHSİL
Humanitar elmlər üzrə problem şurasının iclasında 104 mövzuya baxılıb
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Humanitar elmlər üzrə problem şurasının növbəti iclası keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar elmlər üzrə problem şurasının sədri akademik İsa Həbibbəyli açaraq şuraya ayrı-ayrı ixtisaslar üzrə çoxsaylı müraciətlərin daxil olduğunu söyləyib. İsa Həbibbəyli iclasda müzakirəyə çıxarılacaq dissertasiya mövzuları barədə məlumat verib.
Humanitar elmlər üzrə problem şurasının sədr müavinləri AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri Sənubər Abdullayeva və şuranın elmi katibi Bəsirə Əzizəliyevanın iştirakı ilə hibrid formatda təşkil olunan iclasda 104 mövzuya baxılıb.
Daha sonra Bəsirə Əzizəliyeva müxtəlif ixtisaslar üzrə iclasa təqdim olunan 19 elmlər doktoru və 85 fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzusunu təqdim edib. Hər bir mövzu və iddiaçı barədə təqdimat formasında məlumat verilib. Mövzuları müzakirəyə çıxarılan doktorant və dissertantların iştirakı ilə keçirilən müzakirələrdə Humanitar elmlər üzrə problem şurasının üzvləri fəal iştirak ediblər.
Qeyd olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.