SİYASƏT


Humanizm prinsiplərinə sadiq olan Azərbaycan beynəlxalq humanitar missiyaları dəstəkləyir

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə əlaqədar açıqlama verib.

AZƏRTAC xəbər verir ki açıqlamada H.Hacıyev Azərbaycanın 19 avqust Ümumdünya Humanitar Yardım Günü ilə əlaqədar BMT Baş Katibinin "mülkü insanlar münaqişələrdə hədəf olmamalıdır" adlı çağırışını dəstəklədiyini bildirir. Qeyd edilir ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində mülki insanların hədəfə çevrilməsindən ən çox əziyyət çəkən dövlətlərdən biridir.

Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsi nəticəsində beynəlxalq humanitar hüququn öhdəliklərini kobud şəkildə pozaraq, işğalçı ölkə tərəfindən mülki Azərbaycan əhalisinə qarşı qəsdən və məqsədyönlü şəkildə hərbi cinayətlər, insanlıq əleyhinə cinayət və soyqırımı əməlləri törədilib. İşğal olunmuş ərazilərdən bir milyondan artıq Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qoyulması, Xocalı soyqırımı, 4000 nəfərdən artıq azərbaycanlının hələ də itkin düşmüş vəziyyətdə olması bunun bariz sübutlarıdır. Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki insanları qəsdən hədəfə alaraq, işğalçı ölkə bu barbar siyasətini davam etdirir. 2016-cı ilin aprelində Ermənistanın bu kimi hücumları nəticəsində 30-dan artıq mülki şəxs yaralanıb və aralarında uşaq da olmaqla 6 nəfər həlak olub. Bu il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində azyaşlı qızcığaz Zəhra Quliyeva və onun nənəsi həlak olub, daha bir mülki şəxs ağır yaralanıb. Bu cinayətə görə beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınaqla üzləşməsinə baxmayaraq Ermənistan bu günlərdə yenə təxribat törədərək daha bir uşağın yaralanmasının səbəbkarı oldu.

Mülki Azərbaycan əhalisinə qarşı törətdiyi bu cinayətlərə görə bir dövlət olaraq Ermənistan Respublikası ilə bərabər, onun siyasi-hərbi rəhbərliyi də məsuliyyət daşıyır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində müstəqilliyinin ilk illərində Azərbaycan İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakəti ilə üzləşib. Ona görə də 19 avqust Ümumdünya Humanitar Yardım Günü münaqişədən əziyyət çəkən mülki insanlara yardım göstərilməsi baxımdan da Azərbaycan üçün əlamətdardır. Biz həmin dövrdə azərbaycanlı qaçqın və məcburi köçkünlərə yardım göstərən BMT-nin müvafiq strukturları və onların əməkdaşlarının dəstəyini yüksək qiymətləndiririk.

Azərbaycan bu gün əldə etdiyi inkişaf sayəsində humanizm prinsiplərinə sadiq olaraq beynəlxalq humanitar missiyaları dəstəkləyir. Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif qitələrdə humanitar yardım və davamlı inkişaf layihələrini həyata keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.