REGİONLAR
Humay Bayramova: Görmə zəifliyi olan insanlar vaxtında həkim-oftalmoloqa müraciət etməlidirlər
Şəki, 17 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi 2005-ci ildən indiyədək respublikamızın şəhər və rayonlarında 170-dən çox aksiya keçirib. Bu aksiyalar zamanı 30 minədək vətəndaşın gözü müayinə və müalicə olunub, 3 minə yaxın əməliyyat icra edilib. Bu əməliyyatlar əsasən, katarakta xəstəliyi ilə bağlı olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Milli Oftalmologiya Mərkəzinin həkim-oftalmoloqu Humay Bayramova məlumat verib.
Mərkəz tərəfindən davamlı olaraq respublikanın müxtəlif regionlarında, ucqar şəhər və rayonlarda təşkil edilən belə humanitar aksiyaların əsas məqsədinin korluğa səbəb olan göz xəstəliklərini öncədən məyyənləşdirib müalicə etmək olduğunu bildirən həkim-oftalmoloq görmə zəifliyi olan insanlara vaxtında müayinə olunmalarını tövsiyə edib. Humay Bayramova bildirib ki, erkən diaqnostika və müayinələr aparmaqla korluğun qarşısını almaq mümkündür.