ELM VƏ TƏHSİL
Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşrləri çapdan çıxıb
Bakı, 26 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun (HİHİ) yeni nəşrləri çapdan çıxıb. Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məlumatda bildirilir ki, “Elm” nəşriyyatında işıq üzü görən “İslam hüququ (insan hüquqları kontekstində)” kitabının müəllifi bu institutun direktoru, hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə və elmi işlər üzrə direktor müavini, hüquq üzrə elmlər doktoru, professor Nazim Cəfərlidir. Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Məsumə Məlikova, rəyçiləri akademik Vasim Məmmədəliyev və hüquq üzrə elmlər doktoru X.İsmayılovdur.
Nəşrdə şəriət və fiqh elminin mahiyyəti, əsas xüsusiyyətləri, İslamın meydana gəlməsi ərəfəsində Ərəbistanda ictimai münasibətlərin tənzimlənməsinin vəziyyəti, həmçinin İslamın meydana gəlməsi ilə insan hüquq və azadlıqlarının təminatı sahəsində cərəyan edən köklü dəyişikliklər tədqiq və təhlil olunur. Habelə görkəmli alimlərin şəriətə və fiqhə dair əsərlərinin şəriətin və fiqhin formalaşmasında rolu və əhəmiyyəti dəyəndirilməklə sistemləşdirilir. Bundan əlavə, İslam hüququna əsaslanan beynəlxalq və regional hüquqi sənədlər insan haqları baxımından şərh olunur.
İnstitutun yeni nəşrlərindən biri də “Tibb hüququ” dərs vəsaitidir. Kitabın müəllifi Aytən Mustafazadə və institutun böyük elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Zamiq Aslanovdur. Vəsait Azərbaycan Respublikasının qüvvədə olan yeni qanunvericiliyi, hüquq nəzəriyyəsi əsasında və səhiyyə sahəsində bir çox təcrübəli problemlər nəzərə alınaraq hazırlanıb. Dərs vəsaitində müasir dövrdə ölkəmizdə tibbi fəaliyyətin hüquqi tənziminin və əhalinin sağlamlığının qorunması xüsusiyyətləri işıqlandırılıb, tibb hüququnun ümumi xarakteristikası, tibbi fəaliyyət kontekstində insanın yaşamaq hüququ, pasiyentlərin hüquqları, tibb işçiləri və həkimlərin hüquqları və digər məsələlər nəzərdən keçirilir.
“İşğal olunmuş Azərbaycan torpaqlarında tarixi və mədəniyyət abidələrinə zədə yetirilməsi” kitabının isə ideya müəllifi HİHİ-nin elmi işçisi Faiq İsmayılov, məsləhətçiləri hüquq üzrə elmlər doktoru Aytən Mustafazadə və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, elmi redaktoru isə bu institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Lalə Əhmədovadır. Nəşrdə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi mədəniyyət abidələrinin dağıdılmasının səbəbləri tədqiq edilir.