İQTİSADİYYAT
Hüquq və konsaltinq şirkətlərinin nümayəndələrinə “Yaşıl dəhliz” sisteminin üstünlüklərindən danışılıb
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 14-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda hüquq və konsaltinq şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 21 dekabr tarixli və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 22 fevral tarixli fərmanlarının icrasından irəli gələn məsələlərlə bağlı biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın hazırladığı “İcra və Kommunikasiya Planı”na uyğun olaraq təşkil edilib.
Görüşdə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində xarici ticarət üzrə aparılan islahatlarla bağlı şirkət nümayəndələri məlumatlandırılıb.
Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi rəisinin birinci müavini Rauf Məmmədov xarici ticarətin asanlaşdırılması sahəsində həyata keçirilən islahatlardan, beynəlxalq reytinq cədvəllərində Azərbaycanın mövqeyinin yaxşılaşdırılması məqsədilə görülən işlərdən danışıb.
Komitənin Gömrük Sərhəd Keçid Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin müavini Mübariz Mustafayev isə sərhəd-keçid məntəqələrində ticarətin və sərhədkeçmə proseslərinin sadələşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib.
Daha sonra komitənin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsi Ticarətin asanlaşdırılması idarəsinin rəisi Ceyhun Nəcəfli “Yaşıl dəhliz” buraxılış sistemi ilə bağlı təqdimatla çıxış edib. Şirkət nümayəndələrinə sistemdən istifadə hüququnun verilməsi, ləğv edilməsi və sistemdən istifadə qaydaları barədə ətraflı məlumat verilib.
Görüşdə qısa idxal bəyannaməsinin doldurulması, sistemə daxil edilməsilə bağlı videoçarx da nümayiş etdirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Sonda şirkət nümayəndələri “Samur” gömrük postunda “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani şəkildə tanış olublar.