ELM VƏ TƏHSİL
Hüquqi aktlardan və elmi-hüquqi materiallardan ibarət elektron informasiya sistemi yaradılacaq
Bakı, 19 may, AZƏRTAC
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi hüquqi aktlardan, elmi-hüquqi materiallardan ibarət olan çoxfunksiyalı axtarış imkanını nəzərdə tutan elektron informasiya sistemi yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri mərkəzin nizamnaməsində öz əksini tapıb.
Nizamnaməyə əsasən, Mərkəz həmin sistemdəki məlumatları müntəzəm olaraq yeniləyəcək və bu məlumatları müqavilə əsasında dövlət, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə təqdim edəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxs yaradılıb və Mərkəzin Nizamnaməsi təsdiq edilib. Mərkəz normayaratma fəaliyyətinin keyfiyyətinin yüksəldilməsi, dövlət orqanları (qurumları) əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin inkişaf etdirilməsi, hüquqi maarifləndirmə, hüquqi ekspertizasının keçirilməsi və hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsinə dair təkliflər hazırlanması və bunlarla bağlı işlərin səmərəli əlaqələndirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.