İQTİSADİYYAT


Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqədə həyata keçirilir

Bakı, 16 aprel, AZƏRTAC

Hüquqi şəxslərin dövlət qeydiyyatı cəmi 1 prosedurla 20 dəqiqə ərzində həyata keçirilir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, bu barədə aprelin 16-da Vergilər Nazirliyinin nümayəndələrinin iştirakı ilə hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında deyilib.

İİTKM-in analitiki Nərmin Kazımlı bildirib ki, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Biznesə başlama, vergi və hesabatlılıq" işçi qrupu ilə yanaşı, digər işçi qrupların nümayəndələrinin də iştirakı ilə silsilə mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulub. Ardıcıl keçiriləcək mətbuat konfranslarında kompleks biznes islahatlarının icrası istiqamətində görülən işlər və son statistik göstəricilər barədə məlumat veriləcək.

Vergilər Nazirliyinin dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə danışıb. Bildirib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Yeni onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd kimi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, minimum məmur-sahibkar ünsiyyəti və vətəndaş məmnunluğunun artırılması vurğulanıb.

Qeyd olunub ki, yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergiödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmur. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib. Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə "İnternet Vergi İdarəsi"ndə "Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı" (elektron imza olmadan) Təlimatı yerləşdirilib. Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan "İnternet Vergi İdarəsi"nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla identifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (vergiödəyicisinin eyniləşdimə nömrəsi) verilmə prosesi yekunlaşır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergiödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin edilir.

Statistik rəqəmləri diqqətə çatdıran Ə.Məmmədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk rübündə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 8,1 faiz, fiziki şəxslərin sayı isə 28,5 faiz, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı 11,3 faiz artıb. Martda yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi 87,8 faiz təşkil edib.

Xatırladaq ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib.

Bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. Aparılmış islahat ölkəmizin "Doing Business" hesabatında mövqelərinə də müsbət təsir edəcək. Hazırda "Doing Business 2019" hesabatında Azərbaycan "Biznesə Başlama" indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.