ELM VƏ TƏHSİL
Hüseyn Cavid bəşəri şair idi
Bakı, 24 oktyabr, AZƏRTAC
Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli böyük ədib Hüseyn Cavidin həyat və yaradıcılığından danışıb, onun ədəbiyyatımıza əvəzsiz töhfə olan əsərlərinin müxtəlif dillərə tərcümə edildiyini bildirib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli böyük şairin ədəbi irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin mühüm rolunu diqqətə çatdırıb.
Vurğulanıb ki, ədəbiyyatımızda mənzum dramaturgiyanın əsasını qoyan böyük sənətkar, həm də lirik şeirlər yazıb.
Böyük sənətkar Hüseyn Cavid irsinin əhəmiyyətindən bəhs edən akademik İ. Həbibbəyli onun bəşəri şair olduğunu bildirib.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ulu öndər Heydər Əliyevin görkəmli şair və dramaturq Hüseyn Cavid irsinə daim böyük diqqət göstərdiyini vurğulayıb.
Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı və digər çıxış edənlər də böyük şair Hüseyn Cavidin ədəbi yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.