ELM VƏ TƏHSİL
Hüseyn Cavid ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi kimi xüsusi yer tutur
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycan Universitetində görkəmli şair, yazıçı və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə keçirilən “Hüsnü-xuda şairi” adlı tədbirdə Hüseyn Cavidin ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi kimi xüsusi yer tutduğu qeyd olunub. Tədbirdə şairin yaradıcılığının müxtəlif mərhələ və aspektlərinə toxunulub, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına yaxınlaşmasında xidmətləri və irsinin öyrənilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Ülviyyə Rəhimova bildirib ki, tariximizin ən çətin dövründə yaşayıb yaradan, keçən əsrin 30-cu illərinin repressiya burulğanına düşən Hüseyn Cavid XX əsrin nadir sənətkarı və görkəmli şəxsiyyətlərindəndir. “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan çıxışında Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı və fikir tarixindəki yeri, əsərlərinin strukturu, janr xüsusiyyətləri haqqında məlumat verib.
Universitetin professoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına onu dünyada tanıdan əsərlər bəxş etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Şekspir dramaturgiyası kimi Hüseyn Cavidin də əsərləri dünyanın bütün teatr səhnələrinə yaraşır.
Azərbaycan Universitetinin professoru Asif Hacıyev isə Hüseyn Cavidin yalnız şair və dramaturq kimi deyil, filosof kimi də tədqiq olunmasının əhəmiyyətini vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb.