REGİONLAR
“Hüseyn Cavid və Naxçıvan teatrı” və “Müqəddəs məkan Naxçıvan” kitablarının təqdimatı olub
Naxçıvan, 21 aprel, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun musiqi və teatr şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Hüseyn Cavid və Naxçıvan teatrı” monoqrafiyasının və ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın “Müqəddəs məkan Naxçıvan” kitabının təqdimatı olub.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın direktoru Nuridə Kəngərli Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Hüseyn Cavidin ölməz əsərlərinin Naxçıvan teatrının repertuarının zənginləşməsindəki rolundan danışıb. Qeyd edib ki, yeni nəşr Azərbaycan sənətşünaslığı üçün dəyərli elmi əsərdir. Oxuculara təqdim olunan monoqrafiyada arxiv materialları əsasında Hüseyn Cavidin ömür və sənət yolu, bu kəşməkəşli yolun Naxçıvanla bağlı məqamları işıqlandırılıb, Cavid qələminə məxsus dram əsərlərinin səhnə taleyi izlənilib.
Qeyd olunub ki, ədəbiyyatşünaslıq şöbəsinin elmi işçisi Nərgiz İsmayılovanın Naxçıvan haqqında yazdığı bədii əsərlərin, publisistik və elmi məqalələrin yer aldığı “Müqəddəs məkan Naxçıvan” kitabı da diqqətəlayiq nəşrlərdən biridir.
Naxçıvanın orta əsrlərdən başlayaraq müasir dövrümüzədək keçdiyi yolu özündə əks etdirən kitabda tanınmış naxçıvanlı alim, təbib, şair, sənətkarlar haqqında maraqlı faktlarla zəngin yazılar verilib. Oxucu bu kitab vasitəsilə Naxçıvanın Azərbaycan tarixinə, ədəbiyyatına, elminə, mədəniyyətinə bəxş etdiyi tarixi şəxsiyyətlər, ziyalılar barədə ətraflı məlumatlar ala bilər. Müəllif Azərbaycan ədəbiyyatında Şərq və Qərb mövzusuna da toxunub.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvan teatrına həsr olunan qiymətli əsər” və “Naxçıvanın zəngin ədəbi-mədəni irsinin tədqiqi” mövzularında məruzələri dinlənilib.
Məruzə ətrafında bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımov, ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov və folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov çıxış edərək adıçəkilən kitablar barədə danışıb, müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda müəlliflər Əli Qəhrəmanov və Nərgiz İsmayılova tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.